Yaddaş və öyrənmə yalnız beyin hüceyrələrində baş vermir. Bədənimizdəki  digər hüceyrələr də, məsələn böyrək hüceyrələri, öyrənmə və yaddaş formalaşdırma qabiliyyətinə malikdir.

Published by

on

Məlum olduğu kimi, yaddaş funksiyası beyin hüceyrələrimiz tərəfindən yerinə yetirilir. Lakin alimlər kəşf edib ki, beyin hüceyrələri ilə yanaşı, digər bədən üzvlərindəki hüceyrələr də yaddaş funksiyasını yerinə yetirir. Bu yeni kəşf sayəsində yaddaşın necə işlədiyini daha yaxşı anlamaq və yaddaşla bağlı problemləri müalicə etmək mümkün ola bilər. Araşdırma neyrobiologiyada uzun müddətdir məlum olan “müəyyən fasilələrlə təkrarlama” prinsipinin qeyri-beyin hüceyrələrində də yaddaşın formalaşmasına kömək edib-etmədiyini müəyyənləşdirmək məqsədi daşıyıb.

Aparılan araşdırmanın əsas müəllifi, Nyu York Universitetinin professoru N.Kukuşkin (Nikolay V.Kukushkin) bildirir ki, öyrənmə və yaddaş, adətən, beyin hüceyrələri ilə əlaqəli proseslərdir, amma tədqiqatlarımız göstərir ki, bədənimizdəki başqa hüceyrələr də öyrənə və yaddaş formalaşdıra bilər.

“Nature Communications” jurnalında yayımlanan araşdırmada qeyd edilir ki, alimlər sinir toxuması və böyrək toxumasından olmaqla, insanın iki növ qeyri-beyin hüceyrəsini laboratoriyada tədqiq edib. Elmi təcrübə aparılarkən alimlər qeyri-beyin hüceyrələrini müxtəlif kimyəvi siqnallarla qıcıqlandıraraq, – beyin hüceyrələrimiz öyrənmə zamanı neyrotransmitterlərə məruz qaldığı kimi –  onlarda “müəyyən fasilələrlə təkrarlama” prinsipinə əsasən öyrənmə prosesini aktivləşdirməyə çalışıblar. Bu proses zamanı qeyri-beyin hüceyrələrinin “yaddaş geni”ni aktivləşdirdiyi müşahidə edilib. Xatırladaq ki, bu gen beyin hüceyrələrində xarici məlumatlara təkrar-təkrar məruz qaldıqda aktivləşir və neyronlararası yeni əlaqələr yaradaraq yaddaşın formalaşmasına xidmət edir.

Yaddaş və öyrənmə prosesini izləmək üçün alimlər yaddaş genini “fluorescent” (yəni mikroskop altında işıq saçan) zülalla birləşdiriblər. Belə ki, yaddaş geni aktivləşəndə bu zülal istehsal olunur və hüceyrələr parıldayır, deaktiv olduqda isə zülal istehsalı dayanır və parıltı olmur.

Nəticələr göstərib ki, hüceyrələr davamlı olaraq uzun müddət və ya müəyyən fasilələrlə təkrar-təkrar kimyəvi müdaxiləyə məruz qaldıqda fərqli reaksiyalar verir. Belə ki, hüceyrələr müəyyən təkrarlarla kimyəvi qıcıqlara məruz qaldıqda yaddaş geni daha güclü aktivləşir və bu gen uzun müddət aktiv qalır. Xüsusilə də, təkrarlar arasındakı fasilə eyni olduqda bu effekt daha güclü olur. Bu proses beyin hüceyrələrində də eyni mexanizmlə baş verir. Məsələn, beyin hüceyrələri bir mövzunu müəyyən fasilələrlə təkrarlayaraq öyrənməyə və ya eyni mövzunu bir dəfəyə olmaqla uzun zaman ayıraraq öyrənməyə müxtəlif reaksiyalar verir və effektiv öyrənmək üçün birinci metodun ikinicisindən daha effektiv olduğu bilinir.

A gloved hand holding a tube with liquid

Description automatically generated

Nyu York Universitetinin həyat elmləri üzə dosenti, Sinir Elmləri Mərkəzinin tədqiqatçısı N.Kukuşkin qeyd edir ki, bu nəticələr, fasilələrlə təkrarlama vasitəsilə öyrənmə qabiliyyətinin sadəcə beyin hüceyrələrinə məxsus olmadığını, bütün hüceyrələrin fundamental xüsusiyyəti ola biləcəyini göstərir.

Tədqiqatçılar əlavə edirlər ki, əldə olunan nəticələr yaddaşın öyrənilməsi üçün yeni tədqiqat istiqamətləri yaratmaqla yanaşı, bir sıra sağlamlıqla bağlı problemlərin həlli üçün də fürsət yaradır. 

N.Kukuşkin həmçinin bildirir ki, əldə olunan nəticələri nəzərə alsaq, gələcəkdə bədənimizə beynimiz kimi yanaşmalı olacağıq. Məsələn, normal qlükoza səviyyəsini qorumaq üçün mədəaltı vəzin keçmiş yemək vərdişlərimizi necə xatırladığını, ya da xərçəng hüceyrəsinin kimyaterapiya nümunələrini necə yadda saxladığını nəzərə almalıyıq. 

Tədqiqata N.Kukuşkin və Nyu York Universitetinin Sinir Elmləri Mərkəzinin professoru Tomas Karu (Thomas Carew) nəzarət edib. Nyu York Universitetinin tədqiqatçısı Təsnim Təbəssüm (Tasnim Tabassum) və Nyu York Universitetinin bakalavr tədqiqatçısı Robert Karni (Robert Carney) də işin həmmüəllifləri sırasındadır.

Hazırladı: Hüceyrə.org Platforması

Mənbələr:
1. https://www.nature.com/articles/s41467-024-53922-x

2. https://www.nyu.edu/about/news-publications/news/2024/november/memories-are-not-only-in-the-brain–new-research-finds.html?fbclid=IwY2xjawHz6_tleHRuA2FlbQIxMAABHaw8g7pQoAdJ0uZMnI7D5nvEEODGa6G9e3MJuxwMD3IgPwcXSdSJFqGCcA_aem_dDIUP9TVN0Y2NXKeF-QZIg

Leave a comment