Kök hüceyrələr orqanizmimizdəki müxtəlif hüceyrələrin (sinir, ürək, sümük və s.) əmələ gəldiyi başlanğıc hüceyrələrdir. ABŞ-nin Cornell Universitetinin alimləri onurğa sütunu sümüklərinə başlanğıc verən yeni kök hüceyrə tipi müəyyən ediblər. İndiyə qədər onurğa sütunu sümüklərinin digər ətraflardakı sümükərlə eyni tipli kök hüceyrələrindən əmələ gəldiyi güman edilirdi. Lakin, 13 Sentyabr 2023-cü il tarixində Nature jurnalında, yuxarıda adı çəkilən universitetin alimləri tərəfindən dərc edilən elmi nəticələr göstərir ki, onurğa sütunu sümüklərinin özünə məxsus kök hüceyrələri var və onlar digər sümüklərdən fərqli olaraq bu yeni aşkarlanmış kök hüceyrələrindən əmələ gəlirlər.

Sümük toxumasının fluorescent mikroskopda görüntüsü. Yaşıl hüceyrələr yeni kəş edilən kök hüceyrələrini göstərir.
Bu kəşfin süd vəzi xərçəngi ilə nə əlaqəsi var?
Xərçəng hüceyrələrinin yarandığı orqan və toxumalardan qan dövranı vasitəsi ilə digər orqanlara və toxumalara yayılması prosesinə metastaz deyilir. Süd vəzi xərçəngi zamanı xərçəng hüceyrələri 70% hallarda metastaz verərək sümük hüceyrələrinə yayılır və bu xəstələrdə sümük xərçənginin inkişafına yol açır. Süd vəzi xərçəngi (və bəzi digər xərçəng növləri məsələn prostat vəzi, ağ ciyər xərçəngi və s.) zamanı metastaz onurğa sütunu sümüklərində digər sümüklərə nisbətən daha çox baş verir. Bunun dəqiq biloloji səbəbləri hələ də bilinmirdi.
Cornell Universitetinin alimləri siçanlar üzərində aparıdıqları eksperimentlərlə onurğa sütunu sümüklərinə məxsus yeni tapılan kök hüceyrələrinin süd vəzi xərçəngining onurğa sütununa metastaz verməsində rol oynadığını göstərə biliblər. Bunun üçün əvvəlcə, onurğa sütunundan alınan kök hüceyrələr siçanın bir bud nahiyəsinə və digər sümüklərdən alınan kök hüceyrələr isə siçanın digər bud nahiyəsinə inyeksiya edilib. Nəticədə siçanın ətraflarında əlavə sümük toxumaları formalaşmağa başlayıb. Daha sonra eyni siçanın bədəninə süd vəzi xərçəngi hüceyrələri inyeksiya edilib. Bundan sonra xərçəng hüceyrələri həmən siçanın bədənində inyeksiya edilmiş kök hüceyrələrindən əmələ gələn əlavə sümük toxumalarına miqrasiya etməyə başlayıblar. Aparılan təcrübələr göstərib ki, siçanın bədənində onurğa sütunu kök hüceyrələrindən əmələ gələb əlavə sümük toxumaları digərlərinə nisbətən özünə iki qat daha çox xərçəng hüceyrəsi cəlb edir. Bununla da onurğa sütununa məxsus kök hüceyrələrinin özlərinə xərçəng hüceyrələrini cəlb etmə xüsussiyətinin olduğu sübut edilib.
Onurğa sütunu kök hüceyrələrinin xərçəng hüceyrələrini hansı bioloji mexanizmlə özlərinə cəlb etdikləri dəqiq bilinməsə də, alimlər buna həm siçanlarda həm də insanlarda bu tip hüceyrələr tərəfindən ifraz edilən MFGE8 adlı proteinin səbəb olduğunu güman edilir. Bu prosesin arxasında çoxlu faktorlar olsada, alimlər MFGE8 proteininin xərçəng hüceyrələri üçün əsas cəlbedici rol oynadığını düşünürlər. Gələcəkdə bu proteinin fəaliyyətini dayandıran preparatların istifadəsi onurğa sütununa metastaz verən xərçənglərin müalicəsində həll edici rol oynaya bilər.
Hazırladı: Xaqani Eynullazadə
İstifadə edilən mənbələr
https://www.nature.com/articles/s41586-023-06519-1
https://www.sciencenews.org/article/new-stem-cells-breast-cancer-spine
Leave a comment